Şəmkirdə xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə mobil qruplar yaradılıb
Şəmkir, 11 aprel, AZƏRTAC
Şəmkir rayonu ərazisində xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə martın 28-dən etibarən mobil qruplar yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qrup üzvləri təhkim olunduğu ərazilərdə insanlar arasında koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, karantin rejimi tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini davam etdirirlər.
Mobil qrupa Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, könüllü gənclər, idmançılar, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları daxil edilib. Eyni zamanda, RİH başçısının inzibati ərazi nümayəndələri, bələdiyyələr, habelə digər dövlət qurumlarının əməkdaşları da mobil qrupların tərkibinə salınıb.
Qruplarda olan hər bir gənc xüsusi fərqləndirici formalar, nişanlar və qoruyucularla təmin edilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın əsas məqsədi insan həyatı üçün təhlükə olan koronavirusla mübarizədə bütün xalqımızı həmrəy olmağa, bəşəriyyətin bəlasına çevrilən virusu yaymamaq üçün evdə qalmağa dəvət etməkdir.