Sənaye müəssisələri və fərdi sahibkarlar 12,7 milyard manatlıq məhsul istehsal ediblər
Bakı, 16 mart, AZƏRTAC
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-fevral aylarında 12,7 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 3,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artıb.
Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 21,5 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 0,9 faiz artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,9 faiz artıb.