İDMAN
Sərbəst güləşçimiz Turan Bayramov Avropa çempionatında bürünc medal qazanıb VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 74 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz səkkizdəbir finalda bolqarıstanlı Ali Umarpaşayevə qalib gəlib - 4:3. T.Bayramov dörddəbir finalda estoniyalı Aymar Andruseni tam üstünlüklə məğlub edib - 10:0. Təmsilçimiz yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabı ilə məğlub olub. Həmyerlimiz bürünc medal uğrunda rumıniyalı Zurab Kaprayevlə güləşib. T.Bayramovun ilk hissədə etdiyi uğurlu fənd həlledici olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn T.Bayramov Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Əşrəf Aşırov (79 kq) gümüş medal qazanıblar.