DÜNYA
Serbiyada dəmiryolu stansiyası binasının tavanı çöküb: 8 nəfər ölüb
Belqrad, 1 noyabr, AZƏRTAC
Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanın bir hissəsi çöküb.
AZƏRTAC xəbər verir ki, hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər çərçivəsində baş verib.
Əraziyə təcili tibbi yardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyada qatarların hərəkəti dayandırılıb və başqa istiqamətə yönəldilib.
Qəza nəticəsində 8 nəfərin həlak olduğu, iki nəfərin isə dağıntılar altından sağ çıxarıldığı bildirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad