SƏRHƏD KƏNDİNDƏ “ŞƏHİDLƏR” ABİDƏ KOMPLEKSİ UCALDILMIŞDIR
AZƏRTAC xəbər verir ki, cəbhə bölgəsində yerləşən Goranboyun Tap Qaraqoyunlu kəndi torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə 38 şəhid vermişdir. Bu günlərdə sakinlərin təşəbbüsü ilə kənddə yeni abidə kompleksi yaradılmışdır. Kompleksdə kəndin hər bir şəhid övladının qara mərmər üzərində şəkli ilə yanaşı, onların bioqrafiyası haqqında qısa məlumat verilmişdir.
Açılış mərasimində çıxış edən milli qəhrəman atası Niyazi Aslanov, Milli Məclisin deputatı Gültəkin Hacıyeva, rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, kənd ağsaqqalları Tap Qaraqoyunlu sakinlərinin şücaətindən danışmışlar.