Sərhədçilər Vətənə xidmət etməkdən qürur duyurlar
Cəlilabad, 15 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən N hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quluyevin təbrik telefonoqramının mətni oxunub.
Mərasimdə çıxış edən DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov gənc əsgərləri əlamətdar hadisə münasibətilə təbrik edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin iqtisadi, siyasi və hərbi qüdrətinin artırılması istiqamətində qazanılan uğurlar barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan sərhədçiləri ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqdirlər və Vətənə xidmət etməkdən qürur duyurlar.
Gənc əsgərlərin valideynləri çıxış edərək yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Onlar övladlarını əlamətdar gün münasibətilə təbrik edib, intizamlı və məsuliyyətli olmağı, Vətənimizin sərhədlərini göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin təntənəli keçidi ilə başa çatıb.