İQTİSADİYYAT
Sərnişin və yük daşımalarını həyata keçirən şəxslərə hansı vergi növü tətbiq edilir?
Bakı, 11 noyabr, AZƏRTAC
Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ yoxdur.
Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın sualına cavab olaraq bildirib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslərin sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ məhdudlaşdırılmayıb.
Qeyd olunan şəxslər xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə verilməsi tələb olunmur.