ŞƏRQ MUSİQİSİ GECƏSİ
Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə təşəbbüsü ilə keçirilən gecə məşhur Misir musiqiçisi Məhəmməd Əbd əl Vahabın vəfatının 15-ci ildönümünə həsr olunmuşdu.
Tədbiri Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru, professor Elman Məmmədov açmışdır. Misir Mədəniyyət Mərkəzinin müdiri, professor Sayed Qanem bu təhsil ocağının xalqlarımız arasında əlaqələrin inkişafında böyük rol oynadığını vurğulamış və Məhəmməd Əbd əl Vahabın həyat və yaradıcılığı haqqında məlumat vermişdir.
Misirin Azərbaycandakı səfiri Yusif Əhməd İbrahim əl Şarkavi bildirmişdir ki, ölkələrimizin əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir. Bu əlaqələrin əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Misir Prezidenti Məhəmməd Hüsni Mübarək ilə görüşü zamanı qoyulmuşdur.
Daha sonra iki ölkə arasındakı əlaqələrin genişlənməsində xidmətlərinə görə Misir səfirinə və Misir Mədəniyyət Mərkəzinin müdirinə Müasir Təhsil Kompleksinin diplom və fəxri fərmanları təqdim olunmuşdur.
Tədbir Məhəmməd Əbd əl Vahabın əsərlərinin ifası ilə davam etdirilmişdir.