Şərurda şəhidlər memorial-abidə kompleksi inşa olunacaq
Naxçıvan, 16 noyabr, AZƏRTAC
Şərur şəhərində şəhidlər memorial-abidə kompleksi inşa olunacaq.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, noyabrın 16-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərurda tikintisi nəzərdə tutulan şəhidlər memorial-abidə kompleksinin layihəsi ilə tanış olub.
Məlumat verilib ki, 1135 kvadratmetr ərazini əhatə edəcək kompleks üçün şəhər mərkəzində uyğun yer müəyyənləşdirilərək, qısa zamanda inşasına başlanılacaq. Kompleksin mərkəzində səkkizguşəli ulduz formasında abidə ucaldılacaq və ətrafında qövsvarı memorial lövhələr qurulacaq. Həmin lövhələrdə torpaqlarımızın azadlığı uğrunda şücaət göstərmiş qəhrəman Şərur şəhidlərinin fotoları və onlar haqqında məlumatlar öz əksini tapacaq. Kompleksin ərazisi abadlaşdırılmaqla geniş yaşıllıqlar salınacaq.