Şərurda soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Şərur, 30 mart (AZƏRTAC). YAP Şərur rayon təşkilatında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
YAP Şərur rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev demişdir ki, hər il ölkədə azərbaycanlıların soyqırımı günü qeyd olunur. Erməni millətçilərinin törətdiyi soyqırımına ilk və əsl hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla verilmişdir. Bu fərman xalqımızın milli yaddaşının qorunması baxımından da mühüm əhəmiyyətə malikdir.
Ə.Babayev daha sonra soyqırımının tarixindən, ötən əsrin əvvəllərində erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq xülyası ilə Bakı, Şamaxı, Quba və Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmələrindən danışmış, əsrlər boyu soyqırımı və deportasiyaya məruz qalmış soydaşlarımızın başına gətirilən müsibətlər barədə ətraflı məlumat vermişdir. Məruzəçi bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün ardıcıl tədbirlər görür. Dövlət başçımızın rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi düşünülmüş xarici siyasət bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur.
Konfransda Zeyvə kənd orta məktəbinin tarix müəllimi Məhərrəm Rəhimov, Birləşmiş Həmkarlar İttifaqları Şərur Rayon Komitəsinin sədri Ünbülbanu Musayeva və başqalarının çıxışlarında xüsusi vurğulanmışdır ki, dövlət başçısı İlham Əliyev ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Azərbaycanın güc tətbiq etmək məcburiyyətində qalacağını açıq bəyan edir. Buna görə də ölkə vətəndaşları haqq-ədalətin öz yerini tapacağına, ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına ürəkdən inanırlar.