Seul səmasını 3 gündür toz dumanı örtüb
Pekin, 18 mart, AZƏRTAC
Monqolustan və Çindən gələn toz dumanı 3 gündür Cənubi Koreyanın paytaxtı Seulu və ölkənin mərkəzi hissəsinin səmasını örtüb.
AZƏRTAC Cənubi Koreya KİV-lərinə istinadla xəbər verir ki, ölkənin hava keyfiyyətinin proqnozları mərkəzinin məlumatına əsasən, atmosferdə zərərli hissəciklərin miqdarı təhlükəli həddə çatıb. Mərkəz bu cür hava şəraitinin martın 19-dək davam edəcəyini proqnozlaşdırıb. Ölkənin cənubunda isə havanın keyfiyyəti normal vəziyyətə qayıdıb.
Qeyd edək ki, martın 15-də Monqolustan səhralarında yaranan qum fırtınası ölkədə dağıntı və insan tələfatına səbəb olmuşdu. Həmin gün qum fırtınası Çinin şimalında, o cümlədən paytaxt Pekində səmanı sarı-çəhrayı rəngli dumanla örtməsinə səbəb olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin