SİYASƏT
Sevinc Fətəliyeva: Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir

Bakı, 30 sentyabr, AZƏRTAC
Şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar bu inkişaf proqramının əhəmiyyətini daha da artırır. İşğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması istiqamətində Azərbaycanın həyata keçirdiyi işlər diqqət çəkir. Görülən bütün bu işlər, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkili, xüsusilə də tədbirin azad edilmiş ərazilərdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritetliyi nöqteyi-nəzərindən Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) ilə əməkdaşlığa başlaması önəmlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.
Deputat bildirib ki, sentyabrın 29-da UN-HABITAT və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilan şəhərinin 2-ci Milli Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin növbəti uğurlarından biridir. O, “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda təşkil edilən Forumda bir çox ölkədən xeyli sayda nümayəndənin iştirak etməsini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmli olduğunu qeyd edib.
Forumun şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradacağını qeyd edən S.Fətəliyeva bu tədbirin şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacağını bildirib. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bir çox mühüm məqamlara toxunaraq, 30 il ərzində bizə qarşı aparılan etnik təmizləmə siyasətindən danışdı və Qarabağda keçirilən lokal antiterror tədbirlərinin səbəblərini də açıqladı. Dövlətimizin başçısı Azərbaycana qarşı qəbuledilməz planları olanlara sərt mesaj göndərdi: “Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”.
Sevinc Fətəliyeva vurğulayıb ki, dövlətimiz Qarabağın erməni sakinlərinin hüquqlarının təmin olunacağını da bəyan edib. Azərbaycan özünün bütün digər vətəndaşları kimi, onların da hüquqlarının qorunmasına tam təminat verir. Bu barədə birmənalı olaraq dövlətimizin mövqeyini ifadə edən Prezident İlham Əliyev Azərbaycanın sülhün tərəfdarı olduğunu bir daha bəyan etdi. Sülh təklifinin müddəaları beynəlxalq hüquq normalarına əsaslanır. Ermənistan öz gələcəyini düşünürsə, Azərbaycanın sülh təşəbbüslərinə adekvat cavab verməlidir.