Səyyar “ASAN avtobus” Goranboyda
Goranboy 1 iyul, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN avtobus”ların vətəndaşlara xidmət göstərməsi ənənə halına çevrilib.
Bu illər ərzində respublikanın müxtəlif rayonlarında olan səyyar “ASAN avtobus”ların əməkdaşları bir daha nümayiş etdirdi ki, bütün xidmətlərin göstərilməsində əsas məqsəd vətəndaş məmnunluğuna nail olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə səyyar “ASAN avtobus”u iyulun 1-dən 30-dək Goranboy şəhəri, Heydər Əliyev prospekti 3, (icra hakimiyyətinin yanı) ünvanında rayon sakinlərinə xidmət göstərəcək.
Səyyar “ASAN avtobus” vasitəsilə sakinlərə 30 gün müddətində səyyar formada göstərilən xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxil olacaq.
Səyyar “ASAN avtobus” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir.