REGİONLAR
Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda




Yevlax, 2 oktyabr, AZƏRTAC
“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusu oktyabrın 2-dən başlayaraq Yevlax şəhərində sakinlərə səyyar xidmət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Yevlax şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Rayon sakinləri əvvəlcə məlumat bürosuna yaxınlaşır, sonra növbə əsasında avtobusa daxil olaraq müraciətlərini edirlər.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Vətəndaşlara tibbi, bank (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) xidmətləri, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti və digər xidmətlər göstərir.
“ASAN xidmət”in səyyar avtobusu Yevlaxda oktyabrın 31-dək xidmət göstərəcək.