İDMAN
“Shusha Chess-2022”: Şəhriyar Məmmədyarov və Nana Dzaqnidze liderliyi ələ alıblar
Bakı, 22 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin rapid yarışlarında beşinci tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 22-də yarışın 4 turu oynanılıb.
Qadınların yarışında Gürcüstan idmançısı Nana Dzaqnidze 9 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. Polşalı Yolanta Zavadska, israilli Marsel Efroimski və türk Kübra Öztürk 6 xalla 2-4-cü yerləri bölüşürlər. Gürcüstanlı Meri Arabidze, Gövhər Beydullayeva 5 xalla 5-6-cı, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva 4 xalla 7-8-ci yerdədirlər. Hesabında 3 xal olan Günay Məmmədzadə 9-cu, 2 xal olan Gülnar Məmmədova isə sonuncu – onuncudur.
Kişilərin yarışında maksimum nəticə gösətərn Şəhriyar Məmmədyarov 10 xalla birincidir. Hindistan təmsilçisi Santoş Qucrati Vidit 9 xalla ikinci, iranlı Parham Maqsudlu 6 xalla üçüncü yerdə qərarlaşıblar. Aktivində 5 xal olan Teymur Rəcəbov, Vasif Durarbəyli və özbəkistanlı Rüstəm Qasımcanov 4-6-cı yerləri bölüşürlər. Çinli Hao Vanq 4 xalla yeddinci, Rauf Məmmədov 3 xalla səkkizinci, türk Mustafa Yılmaz 2 xalla doqquzuncu və Qədir Hüseynov isə 1 xalla onuncu pillədə yer alıblar.
Sentyabrın 24-də yekun vurulacaq “Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.
Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.