Si Cinpin: ABŞ Çinin əsas maraqlarına hörmət etməlidir
Pekin, 11 fevral, AZƏRTAC
Çin və ABŞ bir-birinin siyasi niyyətlərini dəqiq şəkildə başa düşmək, anlaşılmazlıqlardan və yanlış hesablamalardan qaçmaq üçün müxtəlif dialoq mexanizmlərini bərpa etməlidirlər.
AZƏRTAC Çin rəsmi mənbələrinə istinadla xəbər verir ki, bu fikri Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə ilk telefon danışığı zamanı söyləyib. Çin lideri dialoqun bərpası üçün hər iki ölkənin xarici siyasət idarələrinin ikitərəfli münasibətlərin müxtəlif aspektləri, əsas regional və beynəlxalq məsələlər üzrə təmasları dərinləşdirməli olduqlarını deyib. Hər iki ölkənin əməkdaşlıqdan qazandığını, qarşıdurmadan isə itirdiyini deyən Si Cinpin əlavə edib ki, Pekin ilə Vaşinqton arasındakı qarşıdurmadan həm də bütün dünya zərər çəkəcək.
ÇXR lideri Honkonq, Tayvan, Sincan Uyğur muxtar bölgəsi və digər məsələlərin rəsmi Pekinin daxili işi olduğunu, ölkənin suverenliyi və ərazi bütövlüyünə aid məsələlər olduğunu qeyd edib. Bildirib ki, ABŞ Çinin əsas maraqlarına hörmət etməli və diqqətli davranmalıdır.
Telefon danışığı zamanı Co Baydeni ay təqvimi üzrə Yeni il münasibətilə ÇXR Sədri Si Cinpini və Çin xalqını təbrik edib. O, Birləşmiş Ştatlarla Çinin bir çox məsələdə birgə işləyə biləcəyini deyib.
Co Baydenin sözlərinə görə, Vaşinqton Pekinlə qarşılıqlı hörmət və anlaşmanın yaxşılaşdırılması ruhunda açıq və konstruktiv dialoq aparmağa, həmçinin anlaşılmazlıqdan və yanlış hesablamalardan qaçmağa hazırdır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin