SİDNEY SAKİNLƏRİ YERLİ ƏRƏBLƏRƏ MÜHARİBƏ ELAN ETMİŞLƏR
Tar-mar iştirakçıları maşınları yandırmış və çevirmiş, mağazaların vitrinlərini sındırmış, bir-birinə və polislərə daş, yandırıcı maddə doldurulmuş butılkalar atmışlar. Şəhərin hər yerində Avropa mənşəli gənc avstraliyalılarla ərəb mənşəli gənclər arasında dava-dalaş getmişdir.
Zorakılıq hallarını ekstremist məzmunlu saysız-hesabsız elektron məktublar və SMS-xəbərlər daha da qızışdırmışdır. Bu məktub və xəbərlərdə ağdərili avstraliyalılar bir-birini ərəbləri döymək münasibətilə təbrik edir və bunun “daha parlaq davamı” olacağını bildirirlər.
Ərəblər isə öz məktublarında “silah qardaşları”nı birləşib, talanlar və tar-marların əvəzini amansızcasına çıxmağa çağırırlar.
Polis nümayəndələri bildirmişlər ki, bəzi məktublarda düşmən icmalar arasında müharibə açıq mətnlə elan olunur. Hüquq mühafizə orqanları təcili olaraq xüsusi bölmələr yaradırlar. Onlar Sidneydə zorakılığın güclənməsinə yol verməməlidirlər.
Xatırladaq ki, dekabrın 11-də beş min davakar ovqatlı ağdərili avstraliyalı Sidney çimərliklərindən birinə yığışaraq, oradakı bütün ərəblərə basqın etmişdir. Bu, həmin çimərlikdə işləyən iki ağdərili xilasedicinin döyülməsinə görə immiqrantlardan guya qisas almaq üçün törədilmişdir.