Sığortaçılar Assosiasiyası hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, assosiasiya vətəndaşlara ölkə ərazisində qeydə alınan hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar hər hansı bədbəxt hadisələrin yaşanmaması üçün qarşısıalınma tədbirlərinə riayət etməyi, o cümlədən baş verə biləcək xoşagəlməz hadisələr nəticəsində yarana biləcək maddi zərərin təminat altına alınması məqsədilə sığorta xidmətlərindən əvvəlcədən istifadə edərək sığortalanmağı tövsiyə edir.
“ASA olaraq bildirmək istəyirik ki, bu kimi qarlı-şaxtalı hava şəraitində intensiv olaraq qeydə alınan - avtonəqliyyat vasitələrinin toqquşması, o cümlədən daşınar və daşınmaz əmlaklara buz parçalarının düşməsi nəticəsində yaranan zədələnmə, eyni zamanda, elektrik xətlərinin yüklənməsi ilə əlaqədar qısaqapanmalar nəticəsində yarana biləcək yanğın hadisələri və s. kimi hallar sığorta hadisəsi hesab olunur. Hava temperaturunun ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağını və bu hava şəraitinin yanvarın 12-dək davam edəcəyini nəzərə alaraq vətəndaşları diqqətli olmağa və qeyd etdiyimiz tövsiyələrə əməl etməyə çağırırıq”, - deyə qurumun məlumatında deyilir.