Silahlı Qüvvələrin hərbi qulluqçusu: “Vətənə hər an canım fəda!”
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Ordusunda xidmət edənlər müstəqil ölkənin əsgəri olmaqdan hər zaman qürur hissi keçirirlər. Bu il 26 İyun Silahlı Qüvvələr Gününü canını “Vətənə fəda” deyərək torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşən əsgərlərin, şəhid və qazilərin qanı, canı bahasına ərazi bütövlüyünü təmin etmiş xalq kimi qeyd edirik. Vətənə xidmətin hər günü bizə əziz olsa da, 26 iyun tarixi hərbçilər üçün daha əlamətdardır.
Şanlı Vətənin qəhrəmanlarından biri də Silahlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçusu, Vətən müharibəsi qazisi, polkovnik-leytenant Ramin Şirbağır oğlu Əliyevdir.
AZƏRTAC xəbər verir ki, Ramin Əliyev 1977-ci il fevralın 11-də Lerik rayonunun Çayrud kəndində anadan olub. O, kənd məktəbində orta təhsilini başa vurduqdan sonra 1994-cü ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə qəbul olunub və 1998-ci ildə həmin məktəbi "Hərbi Psixoloq" ixtisası üzrə bitirib. Uzun illər orduda xidmət göstərən Ramin Əliyev hazırda polkovnik-leytenant rütbəsində ehtiyatda olan zabit, hərbi təqaüdçüdür.
Vətən müharibəsi qazisi İkinci Qarabağ döyüşləri başlananda 2020-ci il oktyabrın 1-də könüllü olaraq döyüş əməliyyatlarına qatılıb. Ramin Əliyevin dediyinə görə, o, oktyabrın 5-də Füzuli uğrunda gedən döyüşlərdə baş, sol qol və kürək nahiyələrindən düşmənin atdığı 122 millimetrlik minaatan zərbəsi ilə yaralanaraq hərbi hospitala təxliyə edilib: “İlk dəfə Füzuli rayonundakı tibbi mərkəzlərin birində baş-beyindən əməliyyat olundum. Sonra Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına, daha sonra isə Respublika Neyrocərrahiyyə xəstəxanasına gətirildim”.
Fevralda “YAŞAT” Fondu tərəfindən Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına dəvət olunan müharibə qazisi Türkiyədən gələn ixtisaslı həkimlərin müayinəsinə cəlb edilib. Ramin Əliyev həkimlərdən razılığını bildirərək əlavə edib: “Həkimlər müayinə zamanı 3 həftəlik müalicə proqramı təyin etdilər. Daha sonra Türkiyənin İstanbul şəhərində yerləşən "Medikalpark" xəstəxanasında baş-beyin əməliyyatı keçirdim. Həkimlərin dediyinə görə, əməliyyat uğurla nəticələndi. Bütün müalicə xərclərimi qarşılayan “YAŞAT” Fonduna dərin minnətdarlığımı bildirirəm”.
Qazi həm də 1-ci qrup müharibə əlilidir, sağlıq durumundan isə şikayətçi deyil: “Əməliyyat yerindəki sızıltılar qısa müddətdə keçməlidir. Həkimlərin dediyinə görə, ağrıların olması hələ ki, normal haldır”.
Ramin Əliyev dövlət tərəfindən ona göstərilən diqqət və qayğıdan çox məmnundur. Hər şeyə görə respublika rəhbərliyinə, xüsusilə də Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eyni zamanda “ASAN xidmət” və “YAŞAT” Fonduna təşəkkürünü bildirir. Hərbçi döyüşə könüllü qatıldığına və xüsusi şücaətlərinə görə, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətənə olan sevgisindən bəhs edən qazi polkovnik-leytenant Azərbaycan xalqının xoşbəxtliyinin davamlı olmasını arzulayır. İki oğul övladını da Vətənə əsgər böyüdən qazi ata söhbətini Azərbaycan Dövlət Himninin sözləri ilə yekunlaşdırıb: “Vətəndən ötrü can verməyə cümlə hazırız!”