REGİONLAR
Şimal bölgəsindəki seçki dairələrində treninqlər keçirilir
Xaçmaz, 18 yanvar, Elxan Yusifli, AZƏRTAC
57 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə on gün ərzində məntəqə seçki komissiyalarının 288 üzvü treninqlərə cəlb olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq, yanvarın 17-dən başlayaraq Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib.
57 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Bəhram Ömərov bildirib ki, prezident seçkilərinin yüksək səviyyədə keçirilməsində treninqlər əhəmiyyətli rola malikdir. Treninqlər Mərkəzi Seçki Komissiyasının “Treninq qrupu” tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə qruplar şəklində keçirilir. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.
Treninqlər, həmçinin şimal bölgəsində olan 55 saylı Siyəzən-Quba-Xızı, 56 saylı Şabran-Xaçmaz, 58 saylı Xaçmaz kənd, 59 saylı Quba, 60 saylı Quba-Qusar və 61 saylı Qusar seçki dairələri üzrə də təşkil edilir.
Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolu olan treninq layihəsi, ümumilikdə, 38 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.
Treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.