REGİONLAR
Şimal bölgəsindən olan 883 şagird Xaçmazda biliklərini sınayıb
Xaçmaz, 14 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda şimal rayonlarından olan 883 nəfər iştirak edib.
DİM-in Xaçmaz regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xaçmaz şəhərində 4 mərkəzdə keçirilən imtahanlara 88 nəzarətçi müəllim, 10 nəfər buraxılış rejiminə məsul əməkdaş, 12 imtahan rəhbəri və 4 nəfər ümumi rəhbər cəlb olunub.
Bu gün şagirdlər əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanında, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanında, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanında, aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanında, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanında biliklərini sınayıblar.
İmtahanlar Xaçmazla yanaşı Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad rayonlarında və Naxçıvan MR-də təşkil olunub.