REGİONLAR
Şimal-qərb bölgəsində peşə təmayüllü siniflərə 550 şagird cəlb olunub
Şəki, 28 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 29 ümumtəhsil məktəbində təşkil edilmiş peşə təmayüllü siniflərə 550 şagird cəlb olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, peşə təmayüllü siniflərdə hazırda dülgər, çilingər, aşpaz köməkçisi, mebel quraşdırma ustası, qənnadçı və digər ixtisaslar tədris olunur. Təhsilin sonunda şagirdlərə müvafiq peşə üzrə təhsil almanı təsdiq edən dövlət nümunəli sertifikatlar təqdim edilir.
Qeyd edək ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd tam orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.