Şimal rayonlarından olan 1270 nəfər Xaçmazda biliyini sınayıb VİDEO
Xaçmaz, 2 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan buraxılış imtahanlarında Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından 1270 nəfər iştirak edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Nadiroğlu AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xaçmaz şəhərində 6 mərkəzdə keçirilən imtahanlara 122 nəzarətçi müəllim, o cümlədən 17 imtahan rəhbəri cəlb olunub.
Bu gün əvvəlki illərin məzunları üçün qəbul imtahanı, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı keçirilir.
İmtahanlar saat 11:00-da başlayıb və 3 saat davam edib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xaçmazla yanaşı, Bakı, Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan və Cəlilabadda da imtahanlar təşkil edilib.