SİQARETÇƏKƏNLƏR NİKOTİNƏ ALUDƏ OLMAYANLARDAN 10 İL TEZ ÖLÜRLƏR
Tədqiqat 1951-ci ildə başlanmış və 35 min siqaretçəkəni əhatə etmişdir. Britaniya alimləri müəyyən etmişlər ki, ötən əsrin ortalarında Ülyahəzrətin təbəələri siqaret çəkməyə 18 yaşından başlayırdılar. Orta statistik siqaretçəkən gündə bir qutu siqaret çəkir və ömründə bir dəfə də olsun siqaret çəkməyənlərdən, yaxud onu 30 yaşınadək tərgidənlərdən 10 il tez ölürlər.
Tədqiqatçılardan biri, professor Çarlz Corc demişdir: “Bu eksperiment siqaretçəkmənin nə qədər zərərli olduğunu açıq-aşkar nümayiş etdirdi. Siz istənilən yaşda siqareti tərgidərək, ömrünüzü uzada bilərsiniz”. Ekspert qeyd etmişdir ki, 40 yaşında siqareti tərgidənlər öz ömürlərini 7-9 il uzadırlar.
Oksford Universitetinin ekspertləri belə nəticəyə gəlmişlər ki, siqaretçəkmə ən çox ürək-damar və xərçəng xəstəliklərinin inkişafına təkan verir. Tütün həvəskarları 70 yaşına çata bilməmiş və onların infarkta davam gətirmək ümidləri daha az olmuşdur.
Həmin layihənin rəhbərlərindən biri, ser Riçard Doll demişdir: “Son bir neçə onillik ərzində görülən profilaktika tədbirləri və ağır xəstəliklərlə mübarizə siqaret çəkməyən ahıl adamlar arasında ölüm hallarının sayını iki dəfə azaltmışdır. Lakin ötən 50 il ərzində tütün 6 milyon adamın ölümünə səbəb olmuşdur. Dünyada hər il bir o qədər adam nikotindən dünyasını dəyişir”.