“SİVİLİZASİYALARIN DİALOQU: SİYASİ PARTİYALARIN ROLU” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINA
Hörmətli konfrans iştirakçıları!
Sizi - Bakı şəhərində “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayıram. Tarixi İpək yolu üzərində yerləşən Azərbaycanda belə konfransın keçirilməsi dərin rəmzi məna daşıyır. İrimiqyaslı layihələr çərçivəsində Avropa ilə Asiya arasında kommunikasiya və informasiya dəhlizi təşkil edən ölkəmiz üçün bu konfrans müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradır.
Dünyada cərəyan edən mürəkkəb proseslər XXI əsrin əvvəlindən sivilizasiyaların dialoqu problemini alimlərin və filosofların müzakirə obyekti olmaqdan çıxarıb, onun siyasi müstəvidə mövcud bir fenomen kimi səciyyələndirilməsini zəruri etmişdir. Bu, hər bir ölkədə baş verən siyasi proseslərin aparıcı qüvvəsi olaraq siyasi partiyalar üçün də taleyüklü məsələyə çevrilmişdir. Ümidvaram ki, sizin konfrans bu sahədə uğurlu dialoqun qurulması baxımından faydalı olacaqdır.
SSRİ-nin dağılması ilə başlanan yeni geosiyasi dövr qloballaşma və informasiya cəmiyyətinin inkişafı kimi mürəkkəb proseslərlə üst-üstə düşmüşdür. Postsovet məkanına daxil olan ölkələrdə partiya quruculuğu prosesi qısa müddət ərzində çoxpartiyalı sistemin bərqərar olmasına gətirib çıxarmışdır. Siyasi və iqtisadi modernizasiya yolu ilə gedən tranzitar ölkələrin siyasi partiyaları bəşər tarixində analoqu olmayan və bu gün üzləşdikləri problemlərin həlli yollarını axtarır. Sivilizasiyalararası dialoqun qurulması prosesinə onların da öz layiqli töhfələrini verəcəyinə əminəm.
Şərqlə Qərbin qovuşduğu geosiyasi məkanda yerləşən ölkəmiz tarix boyu yüksək tolerantlığını qoruyub saxlamağa nail olmuşdur. Bu baxımdan bizim tarixi keçmişimiz mədəni faktorların sivilizasiyalar arasında konfliktlər üçün münbit zəmin yaratması ideyası tərəfdarlarının yanıldıqlarını sübut edir.
Müxtəlif ölkələrin siyasi elitalarının iştirakı ilə keçirilən konfransınız həm partiyalar arasında əlaqələrin genişlənməsi, qlobal və regional xarakterli problemlərin həlli ətrafında müzakirələrin aparılması, həm də planetimizdə ümumbəşəri dəyərlərin qorunub saxlanması üçün sivilizasiyalararası dialoqun canlandırılması baxımından təqdirəlayiqdir. Bu nəcib amallar naminə forumunuzun işinə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2007-ci il.