Siyasi şərhçi: Azərbaycanın inkişaf modeli beynəlxalq etimadı və investisiya marağını gücləndirir
Bakı, 19 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın son illərdə formalaşdırdığı inkişaf modelinin əsas istiqamətlərini və strateji hədəflərini bir daha nümayiş etdirdi. Bu çıxış ölkənin əldə etdiyi iqtisadi nailiyyətlərin təqdimatı olmaqla yanaşı, həm də Azərbaycanın gələcək inkişaf prioritetlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycan siyasi sabitliyi iqtisadi inkişafın əsas dayaqlarından birinə çevirə bilib. Məhz bu sabitlik ölkədə uzunmüddətli investisiya layihələrinin həyata keçirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və xarici investorların marağının artması üçün etibarlı zəmin yaradıb. Dövlət borcunun aşağı səviyyədə saxlanılması, strateji valyuta ehtiyatlarının yüksək həcmi və maliyyə dayanıqlığının qorunması ölkənin makroiqtisadi sabitliyini gücləndirən əsas amillər sırasındadır. Bu göstəricilər beynəlxalq maliyyə institutlarının və investorların Azərbaycana olan etimadını daha da artırır. Azərbaycanın inkişaf modelinin mühüm xüsusiyyətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi siyasətidir. Uzun illər enerji sektorunun aparıcı mövqeyinə baxmayaraq, son dövrdə qeyri-neft sənayesi, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və xidmət sektorlarında əldə olunan nəticələr iqtisadiyyatın daha dayanıqlı struktura keçidini təmin edir. Bu yanaşma qlobal iqtisadi dalğalanmaların ölkəyə təsirini minimuma endirməklə yanaşı, regional inkişafın sürətləndirilməsi baxımından da əhəmiyyətlidir.
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında vurğulanan yaşıl enerji gündəliyi xüsusi diqqət çəkən istiqamətlərdən biridir. Azərbaycanın zəngin Günəş və külək enerjisi potensialı ölkəni regionun aparıcı yaşıl enerji mərkəzlərindən birinə çevirmək imkanına malikdir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonası kimi inkişaf etdirilməsi həm daxili enerji balansının şaxələndirilməsinə, həm də gələcəkdə təmiz enerji ixracının genişləndirilməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən layihələr beynəlxalq investorlar üçün yeni əməkdaşlıq imkanları yaradır və ölkənin enerji siyasətini yeni mərhələyə çıxarır. Azərbaycanın enerji və nəqliyyat-logistika sahəsində strateji mövqeyi də ölkənin regional və qlobal əhəmiyyətini artıran əsas amillərdəndir. Azərbaycanın iştirak etdiyi beynəlxalq enerji layihələri, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzrə oynadığı rol ölkəni Avrasiya məkanında mühüm tranzit və logistika qovşaqlarından birinə çevirir. Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə bu üstünlük Azərbaycana əlavə iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin geosiyasi əhəmiyyətini də gücləndirir.
“Bütün bunlar Azərbaycanın formalaşdırdığı inkişaf modelinin uzunmüddətli dayanıqlığın təmin edilməsinə, beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına və regional liderlik mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini göstərir. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının Bakıda keçirilməsi də Azərbaycanın beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş statusunun və qlobal iqtisadi əməkdaşlıq platformalarında artan rolunun mühüm göstəricisidir. Bu amillər yaxın illərdə ölkəmizin həm regional, həm də beynəlxalq səviyyədə təsir imkanlarının daha da genişlənəcəyini göstərir", – deyə Rəşad Bayramov bildirib.
Müxbir- Səbinə Əlizadə