Siyasi şərhçi: İslam İnkişaf Bankının Bakı toplantıları Azərbaycanın qlobal rolunu təsdiqləyir
Bakı, 19 iyun, AZƏRTAC
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Azərbaycanın beynəlxalq platformalarda artan rolunu və regionda formalaşan yeni reallıqlardakı mövqeyini bir daha gündəmə gətirdi. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər isə ölkənin inkişaf trayektoriyasını həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan ümumiləşdirən mühüm mesajlar kimi dəyərləndirilə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.
O hesab edir ki, Azərbaycanın bu cür mötəbər beynəlxalq tədbirə ikinci dəfə ev sahibliyi etməsi ölkənin artıq qlobal maliyyə və əməkdaşlıq sistemində sabit və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir. Son illərdə Bakının COP29, Ümumdünya Şəhərsalma Forumu kimi yüksəksəviyyəli tədbirlərə ev sahibliyi etməsi, eyni zamanda, ölkənin beynəlxalq təşkilatlarda fəallığı Azərbaycanın diplomatik çəkisinin davamlı şəkildə artdığını təsdiqləyir.
“Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında çıxışında diqqət çəkən əsas məqamlardan biri sabitliyin dövlət siyasətinin əsas dayağı kimi təqdim olunmasıdır. Uzunmüddətli dövrdə formalaşan siyasi və iqtisadi sabitlik Azərbaycanda dayanıqlı inkişaf mühitinin yaranmasına şərait yaradıb və bu amil ölkənin həm daxili, həm də xarici investisiyalar üçün cəlbediciliyini artırıb. İqtisadi göstəricilər də bu modelin nəticələrini aydın şəkildə ortaya qoyur. Qeyri-neft sektorunun ümumi daxili məhsulda üstünlük təşkil etməsi iqtisadiyyatın struktur baxımından dəyişdiyini göstərir. Eyni zamanda, dövlət borcunun aşağı səviyyədə qalması və böyük həcmdə xarici investisiyaların cəlb olunması Azərbaycanın maliyyə sisteminin dayanıqlığını gücləndirən əsas amillərdəndir. Sosial sahədə isə aşağı yoxsulluq və işsizlik göstəriciləri həyata keçirilən iqtisadi siyasətin real nəticələrini əks etdirir”, - deyə N.İsmayılov bildirib.
Onun sözlərinə görə, enerji və nəqliyyat sahələrində əldə olunan nəticələr Azərbaycanın regional iqtisadi xəritədəki mövqeyini daha da gücləndirir. 16 ölkəyə qaz ixracı ölkəni Avrasiyanın enerji təhlükəsizliyində vacib oyunçuya çevirib. Eyni zamanda, ölkənin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində strateji mövqeyi onu beynəlxalq logistika sisteminin əsas həlqələrindən birinə çevirir. Qarşıya qoyulan yeni hədəflər, - yükdaşımaların artırılması və bərpaolunan enerji gücünün genişləndirilməsi bu rolun daha da möhkəmlənəcəyini göstərir.
Siyasi şərhçi qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı qeyd olunan məqamlar isə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı dövlət siyasətinin tərkib hissəsidir. Bölgəyə yönəldilən investisiyalar və artıq həyata qayıdan əhali bu prosesin yalnız plan deyil, real nəticələr verdiyini göstərir. Paralel olaraq, Azərbaycanın sülh təşəbbüsləri regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına yönəlib.
“Prezident İlham Əliyevin çıxışında ifadə olunan mesajlar Azərbaycanın gələcək inkişaf xəttini daha aydın şəkildə ortaya qoyur. İqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və yaşıl enerji keçidi ölkənin növbəti mərhələdə əsas prioritetləri kimi formalaşır. Bu yanaşma Azərbaycanın həm regionda, həm də qlobal müstəvidə mövqelərinin daha da güclənəcəyinə işarə edir”, - deyə Nicat İsmayılov vurğulayıb.