Siyasi şərhçi:Türk dünyası nəqliyyat dəhlizləri vasitəsilə Avrasiyada yeni bağlantı arxitekturası formalaşdırır
Bakı, 2 iyul, AZƏRTAC
I Türkoloji Qurultayın 100 illiyinin yenidən Azərbaycanda keçirilməsi və bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən irəli sürülməsi olduqca mühüm əhəmiyyət daşıyır və regiona ciddi mesaj verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi Emre Diner səsləndirib.
Onun sözlərinə görə, bu təşəbbüs yalnız mədəni xarakterli yubiley tədbiri deyil, bundan daha geniş məna daşıyan strateji addımdır. Belə bir qurultayın keçirilməsi əslində Türk dünyasının ortaq yaddaşının, ortaq dilinin və strateji inteqrasiya axtarışının simvolik mərkəzinin yenidən Bakıya daşınması deməkdir. Xatırladaq ki, 1926-cı ildə keçirilən I Türkoloji Qurultay türk xalqlarının dili, tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı ortaq qərarların qəbul olunduğu tarixi dönüş nöqtəsi idi. Bir əsr sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə bu yubileyin Azərbaycanda qeyd edilməsi həmin zəngin irsi müasir geosiyasi reallıqlarla əlaqələndirir.
“Azərbaycan Türkiyə ilə birlikdə Türk dünyasının mədəni və diplomatik sütunlarından biri kimi öz təsisçi rolunu daha da möhkəmləndirir. Bu strateji yanaşma Şuşa Bəyannaməsinin ruhuna tam uyğundur və Türkiyə-Azərbaycan strateji tərəfdaşlığını təkcə müdafiə və enerji sahələrində deyil, dil, təhsil, mədəniyyət, media və akademik əməkdaşlıq istiqamətlərində daha da dərinləşdirir. Bu təşəbbüsün konkret nəticələri baxımından dörd əsas amil xüsusi ön plana çıxır.
Birincisi, ortaq əlifba prosesi daha da sürətlənəcək. Türk Dövlətləri Təşkilatı çərçivəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzrə əldə olunmuş razılıq I Türkoloji Qurultayın irsi ilə birləşərək təhsil materiallarının hazırlanması, ortaq nəşrlərin, rəqəmsal arxivlərin yaradılması və türk dilləri arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün möhkəm zəmin formalaşdıracaq.
İkincisi, ortaq türk kimliyi artıq yalnız nəzəri anlayış olmaqdan çıxaraq institusional layihəyə çevriləcək. Ortaq tarix dərsliklərinin hazırlanması, Türkologiya institutlarının şəbəkəsinin yaradılması, tələbə mübadilə proqramlarının genişləndirilməsi, ortaq media platformalarının və mədəniyyət festivallarının təşkili bu baxışın praktik həyata keçirilməsi üçün mühüm vasitələr olacaq.

Üçüncüsü, Türk Dövlətləri Təşkilatının geosiyasi çəkisi daha da artacaq. Türk dünyası Anadolu, Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyanı əhatə edən enerji və nəqliyyat dəhlizləri vasitəsilə Avrasiyada yeni bağlantı arxitekturası formalaşdırır. Bakıda atılan bu simvolik addım Orta Dəhliz, enerji təhlükəsizliyi, nəqliyyat və müdafiə sənayesi sahəsində əməkdaşlıqla birlikdə qiymətləndirildikdə göstərir ki, mədəni inteqrasiya strateji inteqrasiyanı tamamlayan mühüm amildir.
Dördüncüsü isə, bu məsələ Türk Dövlətləri Təşkilatı üçün xüsusi əhəmiyyət kəsb edir. Dəyişən beynəlxalq münasibətlər sistemində Türk dünyasının vahid mövqedən çıxış etməsi üçün ortaq anlayışlara, ortaq tarixi yaddaşa və ortaq diplomatik dilə ehtiyac var. ABŞ-Çin rəqabəti, Rusiya-Ukrayna müharibəsi, İran istiqamətində davam edən gərginlik və Avropanın yeni təhlükəsizlik axtarışları fonunda türk dövlətlərinin birlikdə hərəkət etməsi strateji zərurətə çevrilir. Prezident İlham Əliyevin ev sahibliyi ilə keçirilən Qurultay da ortaq iradənin daha da güclənməsinə xidmət edir”, – deyə türk siyasi şərhçi vurğulayıb.
Türkiyənin bu prosesdəki roluna toxunan Emre Diner bildirib ki, Ankara akademik potensialı, media imkanları, diplomatik şəbəkəsi, müdafiə sənayesi, təhsil infrastrukturu və türk dilinin daşıyıcısı kimi bu prosesin əsas aparıcı ölkələrindən biri ola bilər.
“Lakin Türkiyənin rolu mərkəzdən idarə edən deyil, bərabərhüquqlu tərəfdaşlıq əsasında koordinasiya yaradan model kimi formalaşmalıdır. Ankara-Bakı xətti bu strateji baxışın əsas hərəkətverici qüvvəsinə çevrilə bilər. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın da fəal iştirakı ilə bu proses real mənada vahid Türk dünyası memarlığının formalaşmasına gətirib çıxara bilər. I Türkoloji Qurultayın 100 illiyinin Azərbaycanda qeyd olunması keçmişin türkologiya irsini gələcəyin türk geosiyasəti ilə birləşdirən strateji təşəbbüsdür. Bakının yenidən bu prosesin mərkəzi kimi seçilməsi təsadüfi deyil. Bu, Azərbaycanın həm Türk dünyasının mədəni yaddaşındakı yerinin, həm də Avrasiya geosiyasətində artan rolunun ən aydın göstəricilərindən biridir”, - deyə Emre Diner bildirib.
Müxbir - Səbinə Əlizadə