Siyəzəndə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib
Siyəzən, 23 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 23-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, “Xocalı Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda təşkil olunan tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Mərkəzin direktoru Ramilə Seyidova dəhşətli hadisə haqqında geniş məlumat verərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı törətdikləri faciənin ağır nəticələrindən danışıb. Bildirilib ki, ermənilər Xocalıda xüsusi amansızlıqla qadın, qoca, uşaq demədən kütləvi qırğın törədiblər.
Çıxışlardan sonra iştirakçılara Xocalı faciəsindən bəhs edən videomaterial təqdim olunub.
Tədbirdə məktəb şagirdlərinin və uşaq bağçasının balaca fidanlarının ifasında Xocalıya həsr olunmuş kompozisiya göstərilib, şeirlər və mahnılar səsləndirilib.