Sloveniyanın Maribor şəhərində Xocalı soyqırımı qurbanları yad edilib
Maribor, 26 fevral, AZƏRTAC
Fevralın 25-də Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfirliyin nümayəndə heyəti, Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının və yerli ictimaiyyətin nümayəndələri Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsi önünə əklillər qoyublar.
Qeyd edək ki, Memorial Kompleksdə günahsız insanlara qarşı bəşəri cinayətlərin və müharibələrin ittiham olunduğu abidə və xatirə lövhələri mövcuddur. Xocalıya həsr olunan xatirə lövhəsinin də daxil olduğu bu abidələr gələcək nəsillərə humanizm və sülhpərvər dəyərlərin ötürülməsi, gənc nəsil arasında bu dəyərlərin təbliğ olunmasında mühüm əhəmiyyət daşıyır.
Memorial Park təkcə yerli ictimaiyyət üçün deyil, beynəlxalq ictimaiyyət üçün də açıq olan və bir çox ali dəyərləri özündə ehtiva edən simvolik məkana çevrilib. Mədəni irs nümunəsi kimi UNESCO tərəfindən qorunan Dobrava Memorial Parkı Kompleksi ərazisindəki Xocalı qurbanlarına həsr olunan xatirə lövhəsinin rəsmi açılışı ötən ilin may ayında baş tutub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Maribor