SOCAR AQŞ Azərbaycana qabaqcıl texnologiya gətirib
Bakı, 7 fevral, AZƏRTAC
Kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkəti olan SOCAR AQŞ ilk dəfə olaraq quruda qazma xidmətlərini icra etmək üçün beynəlxalq istehsalçıya məxsus müasir qazma qurğusunu Azərbaycana gətirib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, bu, SOCAR AQŞ-nin həm ölkə daxilində, həm də xaricdə müştərilərinin mürəkkəb layihələrini və əməliyyatlarını həyata keçirmək üçün ən son texnologiyaların və yeni idarəetmə üsullarının tətbiqi üzrə çoxillik təcrübəsinə əsaslanır. Quruda qazma əməliyyatlarının həyata keçirilməsi Azərbaycanın enerji sənayesi və iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, bu qurğu vasitəsilə yeni qazma layihələri ilə yanaşı, uzun müddət istismarda olan yataqlarda qalıq neft-qaz ehtiyatının əlavə quyuların qazılması hesabına çıxarılması mümkündür. Həmçinin hələ də öyrənilməyə ehtiyac olan sahələrdə kəşfiyyat və axtarış quyularının qazılması da geoloji baxımdan daha əlverişli olacaqdır.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev bildirib ki, qazma sənayesində bu cür yeni texnika və texnologiyaların tətbiqi böyük quyuların qazılmasına, kern nümunələrinin götürülməsi və analizinə, geoloji-geofiziki tədqiqatların aparılmasına və yatağın işlənmə modelinə müsbət təsir göstərəcək. Bu da öz növbəsində neft hasilatının artırılmasına təkan verəcəkdir.
Beşillik təcrübəyə sahib olan və bu günə qədər 140-dan çox quyunun qazılmasını həyata keçirən SOCAR AQŞ ölkənin qazma sənayesində innovativ yanaşmaların tətbiqi, eləcə də təhlükəsiz və etibarlı həllər təqdim etməklə uğurlu fəaliyyətinə davam edəcək.