SOCAR: Aşağıkarbonlu biznesə başlamaq bizim strategiyamızda əsas yer tutur
Bakı, 30 sentyabr, AZƏRTAC
Davamlı inkişaf, iqlim dayanıqlığının təmin edilməsi üçün beynəlxalq və regional əməkdaşlıq artıq seçim deyil, zərurətdir. Tək bir şirkət və ya ölkə dayanıqlılığı təkbaşına təmin edə bilməz. Zərər artıq baş verib və biz davamlı gələcək üçün sürətlə hərəkət etməliyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Beynəlxalq Əməkdaşlıq vasitəsilə İqlim Dayanıqlığının Təkmilləşdirilməsi” adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlıqlar SOCAR-ın iqlim və davamlılıq strategiyasının həyata keçirilməsində mühüm rol oynayır, bu təcrübə digər neft-qaz şirkətləri üçün də nümunə ola bilər.
“SOCAR “Boston Consulting Group” (BCG) ilə tərəfdaşlıq quraraq “Climate and Sustainability Lighthouse” proqramını həyata keçirib. Proqram şirkətin “upstream” və “downstream” əməliyyatlarını əhatə edən genişmiqyaslı yol xəritələrinin hazırlanmasına imkan verib və bərpaolunan enerji mənbələrinə investisiyaların artırılmasına təkan verib. SOCAR, həmçinin COP28-də iştirak edərək iqlim öhdəliklərini təsdiqləyib və “Oil and Gas Development Organization” proqramına qoşulub. Bundan sonra şirkət “Oil and Gas Climate Initiative” ilə əməkdaşlıq çərçivəsində daha geniş iqlim təşəbbüslərinə qoşulub. SOCAR bərpaolunan enerjiyə də sərmayə qoyur. İlin sonuna qədər istifadəyə veriləcək 240 meqavatlıq “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının “ACWA Power” şirkəti tərəfindən inşası aparılır”, - deyə Əfqan İsayev vurğulayıb.
2035-ci ilə qədər SOCAR-ın tam enerji şirkətinə çevriləcəyini deyən vitse-prezident yalnız qaz deyil, eyni zamanda, bərpaolunan enerji mənbələrinə əsaslanan fəaliyyət qurulacağını əlavə edib: “2050-ci ilə qədər isə xalis sıfır karbon emissiyasına malik şirkətə çevrilməyi planlaşdırırıq. Aşağıkarbonlu biznesə başlamaq bizim strategiyamızda əsas yer tutur. SOCAR “Masdar”, “China Energy International Group Co.Ltd”, “ACWA Power” və ADNOC kimi peşəkar tərəfdaşlarla birgə bir sıra layihələr həyata keçirir. SOCAR tərəfindən həyata keçirilən layihələrdə tərəfdaşlıq modelindən istifadə olunaraq şirkətin həm yerli, həm də beynəlxalq təcrübədən faydalanması mümkün olub”.