İQTİSADİYYAT
SON BİR İLDƏ İQTİSADİYYATA KREDİT QOYULUŞUNUN HƏCMİ 6,6 FAİZ ARTMIŞDIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2003-cü il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına 2592,9 milyard manat kredit qoyulmuşdur ki, bu da 2002-ci il yanvarın 1-nə olan göstəriciyə nisbətən 6,6 faiz çoxdur. Kredit qoyuluşlarının 548,1 milyard manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Hesabat dövründə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 27,7 faizdən 21,1 faizə düşüb.
Kreditlərin 1861,8 milyard manatı (71,8 faiz) qısamüddətli, 731,2 milyard manatı (28,2 faiz) isə uzunmüddətli kreditlərdir. Qısamüddətli kreditlərin 473,3 milyard manatı və ya 25,4 faizi, uzunmüddətli kreditlərin isə 74,8 milyard manatı və ya 10,2 faizi vaxtı keçmiş kreditlərdir.
İqtisadiyyata dövlət bankları tərəfindən 1240,7 milyard manat (44,3 faiz), özəl banklar tərəfindən 1013,3 milyard manat (39,8 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 338,9 milyard manat (13,1 faiz) kredit qoyulmuşdur.
Kreditlərin 876,2 milyard manatı (33,8 faiz) dövlət sektoruna, 1716,8 milyard manatı (66,2 faiz) isə özəl sektora yönəldilmişdir.