Son üç ildə xalis minimum əməkhaqqının yaxşılaşması sahəsində əhəmiyyətli irəliləyiş əldə olunub
Bakı, 17 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar sosial təminat növləri üzrə ödənişlərin hər biri üzrə ciddi artım dinamikası ilə nəticələnir. Bu pozitiv tendensiyanı 2018-2020-ci illərin sosial mənzərəsində də aydın görmək olar.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
Nazir xüsusilə 2019-cu ildə reallaşan islahatlar nəticəsində minimum əməkhaqqının 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırıldığını qeyd edib: “Minimum əməkhaqqının və əməkhaqlarının artırılması sahəsində son 3 ildə atılan ciddi addımlar nəticəsində ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin Avropa Sosial Xartiyasından irəli gələn normalara uyğunlaşmasına doğru əhəmiyyətli irəliləyiş əldə olunub”.
Sahil Babayev bildirib ki, həmin göstərici 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildə 33,3 faizə, 2020-ci ildə 38 faizə yüksəlib.