Sorğu: Pandemiya Ramazan bayramına necə təsir edəcək?
Bakı, 20 aprel, AZƏRTAC
Artıq ikinci ildir ki, Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı pandemiya dövrünə təsadüf edir. COVID-19 virusunun hökm sürdüyü bir dövrdə vətəndaşların Ramazan ayını necə keçirəcəyi ilə bağlı fikirlərini öyrənmək məqsədilə Media Təhlil Mərkəzi (MTM) tərəfindən sorğu keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, sorğuda iştirak edənlərin 50 faizini qadınlar, digər yarısını isə kişilər təşkil edib.
Nəticələr göstərir ki, respondentlərin 43,3 faizi hər il oruc tutsa da, 28,4 faizi oruc tutmur. Müəyyən səbəblərə görə bəzən oruc tuta bilməyənlər sorğu iştirakçılarının 21,8 faizini təşkil edir. Respondentlərin 3,6 faizi bu il ilk dəfə oruc tutacağını qeyd edib. Hər il oruc tutduğu halda bu il oruc tuta bilməyəcəyini bildirənlər isə cavab verənlərin 2,9 faizini təşkil edib.
İştirakçıların 45,9 faizi hesab edir ki, pandemiya səbəbilə iftar süfrələri və dini mərasimlər təxirə salınacaq. Pandemiyanın Ramazan ayına təsir etməyəcəyini qeyd edənlər respondentlərin 24,5 faizini, oruc tutanların sayına isə təsir edəcəyini proqnozlaşdıranlar 19,9 faizini təşkil edir. Respondentlərin 9,7 faizi isə düşünür ki, distant rejimdə işləyənlər üçün oruc tutmaq daha rahat olacaq.
İştirakçıların 14,7 faizi pandemiya dövründə oruc tutacağı üçün virusa yoluxma riskini nəzərə alaraq kütləvi yerlərə getməyəcəyini qeyd edib. Fəaliyyətini evdə davam etdirəcəyini deyənlər respondentlərin 11,4 faizini, günün çox hissəsini açıq havada gəzməklə keçirəcəyini qeyd edənlər 11,3 faizini təşkil edir. Respondentlərin 62,5 faizinin isə Ramazan ayı ilə bağlı xüsusi planı yoxdur.
Sorğuda iştirak edənlərin 67,2 faizi karantinlə bağlı olaraq Ramazan bayramını evdə qeyd edəcəyini, 8 faizi rayona, 0,7 faizi isə xarici ölkəyə səfər edəcəyini qeyd edib. Nəticələr göstərir ki, sorğu iştirakçılarının 24,1 faizi Ramazan bayramını qeyd etməyəcək.