SOROS ORTA ASİYA RESPUBLİKALARINDA DA “QIZILGÜL İNQİLABI” ETMƏK NİYYƏTİNDƏDİR
Qırğızıstan Prezidentinin mətbuat katibi Abdil Segizbayev demişdir ki, respublikada demokratiya kənardan tətbiq edilə bilməz. Demokratiyanın özü inkişaf etməlidir, onun ixracı üçün göstərilən cəhdlər isə qeyri-məqbuldur. Bununla yanaşı, o əmindir ki, Soros Fondunun Qırğızıstanda fəaliyyəti təhsil proqramlarının inkişafına və demokratik təsisatlar yaradılmasına yardıma yönəldilmişdir.
C.Sorosun bəyanatını Tacikistan XİN-də “qeyri-ciddi bəyanat” kimi qiymətləndirmişlər. Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) Tacikistan filialında öz himayədarının sözlərini “qəzet uydurması” adlandırmış və Fondun respublikada fəaliyyəti barədə məlumat verməkdən boyun qaçırmışlar.
Məlum olduğu kimi, hələ üç ay bundan əvvəl Özbəkistan Ədliyyə Nazirliyi Soros Fondunun akkreditəsini uzatmaqdan imtina edərək, bunu onunla əsaslandırmışdır ki, öz hərəkətləri ilə o, respublikanın siyasi həyatına qarışır, müxalifətin ölkədə qanuni konstitusiyalı quruluşu devirməyə çağıran hissəsi ilə şübhəli əlaqə saxlayır. Ədliyyə naziri Abdusamat Polvanzadə bildirmişdir ki, “Fondun nümayəndəliyinin həyata keçirdiyi tədbirlər dini ekstremistlərin konstitusiyaya zidd fəaliyyətinə, əslində, mənəvi dəstək göstərirdi”.
Corc Soros bu günlərdə “Los-Anceles tayms” qəzetinə verdiyi müsahibəsində demişdir ki, Gürcüstandakı “qızılgül inqilabı”nı Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanda təkrar etmək istərdi. Qəzetin məlumatına görə, 2003-cü il ərzində Soros bu dövlətlərdə islahatların dəstəklənməsinə, təxminən 20 milyon dollar xərcləmişdir.