“SOS” UŞAQ KƏNDİNDƏ BEYNƏLXALQ SÜLH GÜNÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, 21 sentyabr - Beynəlxalq Sülh günü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) kollektivi Xətai rayonundakı “SOS” Uşaq Kəndinə baş çəkmişdir.
Tədbirdə “SOS” Uşaq Kəndinin sakinləri arasında keçirilən rəsm müsabiqəsində iştirak edən balacaların əsərlərinin sərgisi də nümayiş olunmuşdur.
BŞGİBİ-nin rəisi Raqif Abbasov Beynəlxalq Sülh gününun təsis edilməsi barədə kəndin balaca sakinlərinə ətraflı məlumat vermişdir.
SOS” Uşaq Kəndinin rəhbəri Əli Axundov “Kənddə” sülhün təbliği və onun uşaqlara aşılanması işinin yüksək səviyyədə olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, uşaqların sülhə olan sevgiləri çəkdikləri rəsm əsərlərində də öz əksini tapmışdır.
Bildirilmişdir ki, ölkəmizdə yetişməkdə olan nəslə qayğı göstərilir, uşaq hüquqlarının həyata keçirilməsi sahəsində tədbirlər görülür, balacalar daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyev uşaqların bütün problemlərinin həlli istiqamətində işlərin görülməsi üçün müvafiq tapşırıqlar verir.
Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri rəsm müsabiqəsində iştirak edən 107 uşağın arasından qalibləri seçmişlər. Qaliblərə diplom və müxtəlif hədiyyələr təqdim edilmişdir. Bütün bayramlarda olduğu kimi, “SOS” Uşaq Kəndinin sakinlərini bu dəfə də tək qoymayan BŞGİBİ-nin rəhbərliyi uşaqlara idman dəstləri hədiyyə etmişdir.