CƏMİYYƏT
Sosial mediada saxta xəbərlərlə mübarizə mövzusu müzakirə edilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Sosial media ekspertləri, blogerlər, aktivistlər və ictimai fəallar üçün “Sosial Mediada “Fake Off”: media bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin növbəti görüşü keçirilib. Görüş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən təşkil edilib.
İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin həmtəsisçisi Abbas Pənahov layihə haqqında iştirakçılara sosial media resurslarında feyk xəbərlərlə mübarizədə diqqəti təhlükəsizlik məsələlərinə yönəldərək növbəti təlim haqqında qısa məlumat verib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İdarə Heyətinin sədri Elvin Balacanov saxta xəbər, misinformasiya, dezinformasiya və onlarla mübarizədə kibertəhlükəsizlik haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, təlimlər 3 gün davam edəcək və EDX.com təhsil portalı ilə əməkdaşlıq çərçivəsində layihənin yekununda 20 fəal iştirakçı ABŞ-ın Miçiqan Universitetinin onlayn kursunu başa vurmaqla sertifikatlara yiyələnəcək.