Sosial şəbəkə istifadəçiləri arasında “Dəyərləri paylaşaq” adlı müsabiqə elan edilib
Bakı,24 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında “Dəyərləri paylaşaq” adlı müsabiqə elan edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun mətbuat xidmətindən AZƏRTAC-a müsabiqənin keçirilməsində məqsəd xalqımıza məxsus əsrlər boyu formalaşmış milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və təbliğ edilməsidir.
Müsabiqə Fond tərəfindən müəyyən edilmiş həştəqlər əsasında paylaşılan statuslar (yazı, şəkil, videoçarx) arasında təşkil ediləcək. Belə ki, 2021-ci il 25 iyun - 25 avqust tarixləri ərzində aşağıda qeyd edilmiş həştəqlərlə status paylaşanlar müsabiqənin iştirakçısına çevriləcək. Əhatəlilik, tutarlılıq, kreativlik, o cümlədən ictimai rəğbət qazanmış paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaq.
Fond tərəfindən müəyyən edilmiş həştəqlər bunlardır: #dəyərlərmdtf, #yaxşılıqmdtf, #əxlaqmdtf, #mərhəmətmdtf, #vətənpərvərlikmdtf, #hörmətmdtf, #inancmdtf,#doğruluqmdtf, #təvazökarlıqmdtf, #məsuliyyətmdtf
Müsabiqə şərtlərinə əsasən, statuslar yalnız Azərbaycan dilində yazılmalı, Feysbuk, Tviter və ya İnstaqram sosial şəbəkələrində paylaşılmalı, əhatəli, tutarlı, yaradıcı məzmun kəsb etməli, həmçinin statusların ictimai rəğbət meyarı yüksək olmalıdır. Bir sosial şəbəkə istifadəçisi müəyyən edilmiş həştəqlərlə maksimum 5 status paylaşa bilər.
Qaliblər üçün nəzərdə tutulan mükafatın məbləği birinci yer üçün 700 AZN (1 nəfər), ikinci yer üçün 500 AZN (2 nəfər), üçüncü yer üçün isə 300 AZN (3 nəfər) müəyyən edilib. Bundan başqa, 5 nəfər həvəsləndirici mükafat olaraq 150 AZN qazanacaq.