Soyqırımı qurbanlarının xatirəsi Polis Akademiyasında yad olunmuşdur
Bakı, 30 mart (AZƏRTAC). Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Polis Akademiyasında bir sıra tədbirlər keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, klubda, ümumi kitabxanada və kursların yataqxanalarında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı fotostendlər quraşdırılmış, məqalələr dərc olunmuş, müdavim heyəti ilə “Azərbaycanlıların soyqırımı” mövzusunda yığıncaqlar keçirilmiş, sənədli filmlər nümayiş etdirilmişdir.
Silsilə tədbirlər çərçivəsində martın 29-da İstiqlal Muzeyinin elmi işçiləri Samir Sadıqov və Elçin Sultanov ilə əyani fakültənin II kursunun müdavimlərinin görüşü keçirilmişdir. Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülmüşdür.
Öz çıxışlarında S.Sadıqov və E.Sultanov azərbaycanlıların soyqırımı ilə bağlı tarixi faktları, xalqımızın zaman-zaman qarşılaşdığı problemləri diqqətə çatdırmış, müdavimləri maraqlandıran sualları cavablandırmışlar.
Martın 30-da Polis Akademiyasının klubunda Azərbaycan Pedaqoji Universitetinin elmlər doktoru, professor Şubay Nuruzadənin iştirakı ilə “31 mart - Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan, onun müstəqilliyi yolunda fədakarlıq göstərən ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoymuşlar. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək tədbir açıq elan edilmişdir.
Akademiya rəisi, polis general-mayoru Ramiz Nağıyev tədbiri açaraq 1918-ci ildə və sonrakı dövrlərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklər, soyqırımının tarixi, səbəbləri barədə məlumat vermiş, bu cür hadisələrin qarşısının alınması üçün hər bir əməkdaşın, dinləyicinin və müdavimin vətənpərvər mövqe nümayiş etdirməsinin vacibliyini qeyd etmişdir.
Professor Şubay Nuruzadə erməni vəhşilikləri və xalqımıza qarşı törətdikləri soyqırımları barədə şəxsi heyətə məlumat vermiş və onları maraqlandıran sualları cavablandırmışdır.
######
