Şri-lankalı Çarlz Balasundran: Mən və dostlarım Azərbaycanın qələbəsinə ürəkdən sevinirik
Bakı, 4 dekabr, AZƏRTAC
Mən və iki dostum keçən ildən Azərbaycanda yaşayırıq və fəaliyyət göstəririk. Azərbaycan hökumətinə, Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Onların güclü və möhkəm iradəsi sayəsində Azərbaycan müharibədən qalib çıxıb.
Bunu AZƏRTAC-a müsahibəsində Müqəddəs Məryəm Katolik Kilsəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən müharibəsi şəhidlərinin anım mərasimində iştirak edən şri-lankalı Çarlz Balasundran söyləyib.
O əlavə edib ki, bu gün Müqəddəs Məryəm Katolik Kilsəsində müharibədə həlak olan azərbaycanlı əsgərlərin və mülki şəxslərin xatirəsi anıldı. “Biz də Azərbaycan şəhidlərinin ruhuna dualar oxuduq, ibadət etdik, yaralılara tezliklə sağalmalarını dilədik. Mən və şri-lankalı dostlarım Azərbaycanın qələbəsinə ürəkdən sevinirik”, - deyə Çarlz Balasundran vurğulayıb.
Müsahibimiz, həmçinin qeyd edib ki, bütün dünyada koronavirus pandemiyası ilə əlaqədar çoxsaylı problemlərin yaşandığı bir vaxtda Azərbaycan hökuməti insanların, xüsusən yaşlıların qayğısına qalır. Mən və burada olan həmvətənlərim çox xoşbəxtik.