STEF QORİS: “AZƏRBAYCAN AVROPA ÖLKƏSİ OLMALIDIR”
O demişdir ki, səfəri Qərbi Avropa ölkələri və parlamentləri ilə Azərbaycan arasında əlaqələri daha da inkişaf etdirmək məqsədi daşıyırdı. Cənubi Qafqazda təhlükəsizlik və müdafiə məsələlərində Azərbaycanın tutduğu mövqe Qərbi Avropa ölkələrində yüksək qiymətləndirilir. Hesab edirəm ki, bu səfərdən sonra əməkdaşlığımız daha da genişlənəcək, münasibətlərimiz möhkəmlənəcəkdir. Bakıda olduğum müddətdə Azərbaycanın güc strukturlarının rəhbərləri və digər rəsmi şəxslərlə keçirdiyim görüşlərdə Avropa sərhədlərində sabitlik və təhlükəsizlik məsələlərində Azərbaycanın rolunu, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli yollarını müzakirə etdik.
Düşünürəm ki, Qafqazda təhlükəsizlik, sülh və sabitlik olmalıdır. Biz münaqişə nəticəsində həlak olmuş gənc azərbaycanlıların məzarlarını ziyarət etdik. Vətən uğrunda canlarından keçmiş qəhrəman oğullara mənim xüsusi ehtiramım vardır. Münaqişə tezliklə sülh və danışıqlar yolu ilə həll olunmalı, bir daha qan tökülməməlidir. Sülhün əldə olunması və Qafqaz ölkələrinin mehriban qonşuluq şəraitində yaşamaları üçün biz də öz dəstəyimizi verəcəyik.
Bakıda keçirdiyim görüşlərdə Azərbaycanın Qərbi Avropa İttifaqına üzvlük məsələsi də müzakirə mövzusu oldu. Bu məsələ dekabrda Parisdə keçiriləcək toplantıda geniş müzakirə olunacaq. Azərbaycan nümayəndə heyəti toplantıya dəvət almışdır. Şübhəsiz ki, ölkəniz quruma əvvəlcə qonaq statusunda qəbul ediləcək, sonrakı mərhələlərdə assosiativ və daimi üzvlük məsələlərinə baxılacaq. Azərbaycan təhlükəsizlik baxımından Avropa üçün çox mühüm coğrafi məkanda yerləşmişdir. Ona görə də biz Azərbaycana səfər etmişik ki, əməkdaşlığımızı genişləndirək. Mənim Azərbaycanla bağlı rəyim belədir ki, Azərbaycan məhz Avropa ölkəsi olmalıdır.