Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı, 23 fevral, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan çempionatına fevralın 23-də yekun vurulub.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, kişilərin yarışında komanda hesabında “Bakı II”, qadınların mübarizəsində “Bakı I” kollektivləri qalib olublar. Qarışıq qoşa yarışlarında Yusif Qafarlı-Nəzakət Qarayeva cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilər arasında qoşa yarışlarda Əliverdi Şahgəldiyev və Nurlan Həsənov, qadınlarda isə Məryəm İmanova və Şərmin Şirinova qızıl medala layiq görülüblər.
Şəxsi yarışlarda Ramil Cəfərov və Nəzakət Qarayeva müvafiq olaraq, kişilər və qadınlar arasında mübarizədə qalib gələrək Azərbaycan çempionatının qalibi olublar.
Çempionatda Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonlardan 120-dən çox idmançı mübarizə aparıb.