STRASBURQDA KEÇİRİLMİŞ KONFRANS VƏ GÖRÜŞLƏRDƏ AZƏRBAYCANIN MÖVQEYİ AÇIQLANMIŞDIR
Mayın 17-də Cənubi Qafqaz ölkələri parlament sədrlərinin görüşü keçirilmişdir. Görüşdə Azərbaycan, Gürcüstan və Ermənistanın əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Ermənistan parlamentinin sədri Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın və bu ölkələrin birgə Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Azərbaycan tərəfi məsələ ilə bağlı mövqeyini açıqlayaraq, ölkəmizin, əslində, belə əməkdaşlığın əleyhinə olmadığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan qonşu Rusiya, Türkiyə və Gürcüstanla çox yaxşı əlaqələr qurmuşdur. Ermənistana gəldikdə isə, bu ölkə işğalçılıq siyasətindən əl çəkdiyi və işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytardığı halda onunla hər hansı əməkdaşlıqdan danışmaq olar. Ona görə də Azərbaycan tərəfi Cənubi Qafqaz ölkələrinin birgə Parlament Assambleyasının yaradılması ilə bağlı Ermənistan parlamenti sədrinin təklifinə qəti etirazını bildirmişdir.
Mayın 18-də Avropa Şurasının iqamətgahında tədbir çərçivəsində “Demokratiyamız demokratikdirmi?” mövzusunda konfrans keçirilmişdir. Milli Məclisin sədri Murtuz Ələsgərov konfransda çıxış etmişdir.
Müstəqillik əldə etdikdən sonra ölkəmizin Avropaya inteqrasiya yolunu seçdiyini diqqətə çatdıran parlamentin sədri Murtuz Ələsgərov demişdir ki, demokratiyanı dərinləşdirmək üçün Azərbaycanın çox böyük potensialı vardır. Bu potensial xalqımızın çoxəsrlik ənənələrindən və tolerantlığından qaynaqlanır. Ötən illər ərzində Azərbaycanda əsaslı siyasi, iqtisadi, sosial, hüquqi islahatlar həyata keçirilmiş, Avropa dəyərlərinin bərqərar edilməsində, insan hüquqlarının və azadlıqlarının təmin olunmasında demokratik təsisatların yaradılmasında, bazar iqtisadiyyatına keçilməsində böyük nailiyyətlər qazanılmışdır.
Natiq vurğulamışdır ki, müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyasının maddələrinin üçdə bir hissəsi insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə həsr olunmuşdur. Ölkəmizdə onlarca siyasi partiya fəaliyyət göstərir. Senzura ləğv edilmişdir. Azərbaycanın siyasi həyatının bütün tərəflərini əks etdirən müstəqil televiziya və radiolar mövcuddur. Milli azlıqların hüquqlarının, dini etiqad azadlığının təmin edilməsi sahəsində ardıcıl iş aparılır, ölkədə 600-dən çox qeyri-hökumət ictimai təşkilatı qeydə alınmışdır.
Parlamentin sədri xüsusi vurğulamışdır ki, dövlətimizin insan hüquqlarının qorunması sahəsində atdığı ən mühüm addımlardan biri 1993-cü ildə ölüm cəzasının tətbiqinə moratorium qoyulması və Şərqdə ilk dəfə olaraq 1998-ci ildə həmin cəzanın ləğv edilməsi olmuşdur. Ölkədə köklü məhkəmə islahatı həyata keçirilmiş və üçpilləli məhkəmə sistemi yaradılmışdır. Penitensiar sistem Avropa standartlarına uyğunlaşdırılmışdır. Çoxpartiyalılıq əsasında dəfələrlə demokratik, ədalətli, azad, şəffaf prezident, parlament və bələdiyyə seçkiləri keçirilmişdir. 2001-ci ildə Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir.
Milli Məclisin sədri demişdir ki, ölkəmiz demokratiyanı dərinləşdirmək yolu ilə inamla irəliləyir. Avropa Şurası Parlament Assambleyasının bu ilin aprelində keçirilən yaz sessiyasında dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan seçmiş olduğu demokratik, hüquqi, vətəndaş cəmiyyəti quruculuğu yolundan heç vaxt geri dönməyəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və ağır nəticələri barədə geniş məlumat verən parlamentin sədri vurğulamışdır ki, bu münaqişə nəticəsində ölkəmizin ərazisinin beşdə bir hissəsi bu günədək işğal altındadır, bir milyon insan, yəni əhalimizin hər səkkiz nəfərindən biri qaçqın və məcburi köçkündür. On beş ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan münaqişəsi təbii ki, demokratik dəyişikliklər prosesini ləngidir və təkcə bu ölkələrə deyil, həm də bütün Cənubi Qafqaza mənfi təsir göstərir. Azərbaycanın işğal edilmiş əraziləri nəzarətsiz zonaya çevrilmişdir. Həmin ərazilər terrorçuların hazırlandığı, narkotik vasitələrin becərildiyi, radioaktiv tullantıların basdırıldığı, silah və insan alverinin aparıldığı bir mərkəzə çevrilmişdir. Lakin biz əminik ki, həqiqət zəfər çalacaq, Azərbaycanın bu ağrılı problemi beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş norma və prinsiplərinə, ən başlıcası isə dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipinə əsasən sülh yolu ilə həll ediləcəkdir.
Milli Məclisin sədrinin çıxışı diqqətlə dinlənilmiş və maraqla qarşılanmışdır.
X X X
Həmin gün GUÖAM ölkələrinin parlament sədrlərinin görüşü keçirilmişdir. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın təmsil olunduğu görüşdə bu beynəlxalq təşkilata üzv olan ölkələrin Parlament Assambleyasının yaradılması ilə əlaqədar təsis konfransına hazırlıq məsələsi müzakirə edilmişdir.
Ukrayna parlamenti sədrinin müavini, Gürcüstan və Moldova parlamentlərinin sədrləri 1997-ci ildə yaradılmış GUÖAM-ın üzv ölkələr arasında əlaqələrin inkişafında və möhkəmlənməsində oynadığı xüsusi rolu qeyd etmiş, qurumun Parlament Assambleyasının yaradılmasının zəruriliyini vurğulamışlar.
Milli Məclisin sədri Murtuz Ələsgərov çıxış edərək demişdir ki, hələ iki il bundan öncə Ukraynaya səfəri zamanı GUÖAM ölkələrinin Parlament Assambleyasının yaradılması barədə Azərbaycan tərəfinin təşəbbüsünü diqqətə çatdırmışdı. Biz bu təklifi o vaxtdan dəstəkləyirik.
Müzakirələr zamanı təsis konfransının harada və nə vaxt keçirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Tərəflər konfransın sentyabr ayının ikinci yarısında Ukraynanın paytaxtı Kiyevdə və yaxud Yalta şəhərində keçirilməsi barədə ümumi razılığa gəlmişlər.
Konfrans və görüşlərdə Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev iştirak etmişdir.