STRASBURQDA NOVRUZ BAYRAMI ŞƏNLİYİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Fransada təhsil alan azərbaycanlı tələbələr” Assosiasiyası martın 20-də Strasburqda Novruzla əlaqədar böyük bayram şənliyi keçirmişdir. Süfrəyə baharın gəlişindən xəbər verən yaşıl səmənilər düzülmüş, paxlava, şəkərbura, qoğal, boyanmış yumurtalar və digər şirniyyatlar qoyulmuşdu. Gecənin aparıcısı əziz bayramın tarixi, ayrılıqda hər bir çərşənbə barədə qısa məlumat verdikdən sonra şənlik başlamışdır. Tələbələrimiz Azərbaycan rəqslərini ifa etmiş, Novruz bayramı ilə bağlı şerlər oxumuş, Kosanın məzhəkəli oyunlarından səhnəciklər göstərmiş, viktorinalar keçirmişlər.
Bayram şənliyində Strasburq şəhərində yaşayan soydaşlarımız, ölkəmizin Avropa Şurasındakı daimi nümayəndəliyinin əməkdaşları və fransız qonaqlar iştirak etmişlər.