“Su aydınlıqdır” mövzusunda Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində tədbir keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Su aydınlıqdır” mövzusunda Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müavini Cabbar Cabbarlı, xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev, yazıçı İlqar Fəhmi, Xalq şairi Vahid Əziz, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İlhamə Qəsəbova və media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyəti sədrinin müşaviri Çingiz Abdullayev çıxış edib. Daha sonra sədr müavini Cabbar Cabbarlı su təsərrüfatı haqqında və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə bağlı məlumat verib.
Tarixən suyun əhəmiyyətindən və insan həyatındakı rolundan söz açan şair, yazıçı İlqar Fəhmi və Vahid Əziz isə öz nitqlərini şeirlə tamamlayıblar.
Növbəti çıxışda professor Qulu Məhərrəmli su təsərrüfatında media nümayəndələrinin rolunu və su təchizatı sahəsində xidmətlə daim əməkdaşlığın, sıx kommunikativ əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb.
AMEA-nın elmi işçisi İlhamə Qəsəbova isə su anlayışının folklorda təsvirindən və ümumilikdə hər sahədə olduğu kimi ədəbiyyatda da məhz suya ayrılan dəyərdən söz açıb.
Tədbirin rəsmi çıxış hissəsi yekunlaşdıqdan sonra qonaqlar və media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Su Təmizləyici Qurğular Kompleksinin SCADA otağında Ceyranbatan Su Təchizatı İdarəsinin rəis müavini Oruc Bayramovun müşayiəti ilə kompleksdə suyun ümumi idarə edilmə mexanizmi ilə tanış olublar. Daha sonra idarəetmə sistemi ilə bağlı media qurumlarının suallarını Suyun təhlükəsizliyi və ekologiya şöbəsinin müdiri Cəmil Babayev və İdarə Heyəti sədrinin müşaviri Aydın Abbasov cavablandırıb.
Bundan sonra, qonaqlar və media nümayəndələri Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin fəaliyyəti ilə əyani tanış olublar. Burada mövcud olan sutəmizləyici qurğular nümayiş etdirilərək hər biri haqqında ayrılıqda məlumat verilib.