Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyənləşdirilib
Bakı, 1 sentyabr, AZƏRTAC
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirilib ki, Su Məcəlləsinin 38-ci maddəsinə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 2026-cı il 6 mart tarixli 69 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri” təsdiq edilib.
“Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin üç əsas növü müəyyən olunub:
1. su obyektlərindən su götürməklə istifadə;
2. su obyektlərindən (akvatoriyadan) su götürmədən istifadə;
3. su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə.
Bununla yanaşı, bir sıra fəaliyyətlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir. Bunlara su obyektlərində yerin təkindən istifadə və ya yeraltı qurğuların tikintisi və istismarı zamanı lay sularının çıxarılması, gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) su obyektlərinin akvatoriyasında hərəkəti və onların texnoloji avadanlıqlarının işini təmin etmək üçün suyun götürülməsi, boru kəmərlərinin və ya kabellərin çəkilməsi məqsədilə su obyektlərindən istifadə, həmçinin fiziki və hüquqi şəxslərin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların istismarı zamanı yeraltı suyun çıxarılması daxildir”, - deyə məlumatda bildirilir.