Sülhməramlıların daha bir avtomobil karvanı aksiya ərazisindən keçərək Xankəndiyə gedib
Şuşa, 20 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus 24 avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Xankəndidən gələn 23-ü yük, 1-i isə minik avtomobili olmaqla 24 nəqliyyat vasitəsi Laçın istiqamətinə gedib. İki yük avtomobili isə əks tərəfə keçib.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 71-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən keçən avtomobillərin sayı 54-ə çatıb.