SİYASƏT
Sülhməramlıların daha iki avtomobili aksiya ərazisindən keçərək Laçına gedib
Şuşa, 18 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları sülhməramlıların iki minik avtomobilinin Xankəndidən Laçın istiqamətdə hərəkətinə şərait yaradıblar.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 69-cu günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək 29 avtomobilin aksiya ərazisindən sərbəst hərəkəti təmin olunub.