Sumqayıt Texnologiyalar Parkının kollektivi Sumqayıt Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 26-da Sumqayıt Texnologiyalar Parkının (STP) idarə heyətinin üzvləri, şirkətin əməkdaşları, törəmə şirkətlərin rəhbərləri və işçiləri II Qarabağ müharibəsi Şəhidlərini yad etmək məqsədilə Sumqayıt Şəhidləri xiyabanını ziyarət ediblər.
Sumqayıt Texnologiyalar Parkından AZƏRTAC-a bildirilib ki, STP komandası ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının məzarlarına gül və əklil qoyaraq onları yad edib, unudulmaz xatirələrini hörmət və ehtiramla anıblar.
Texnoparkın əməkdaşları bundan öncə II Qarabağ müharibəsinin qələbə ilə bitməsi münasibətilə millətimizin azadlıq və mübarizə simvolu olan Şəhidlər xiyabanını da ziyarət edib, 20 Yanvar və I Qarabağ müharibəsi şəhidlərinin xatirəsini anıb və ruhlarına dualar ediblər.
Sumqayıt Texnologiyalar Parkı II Qarabağ müharibəsinin başlanğıcından həm ordumuza, həm xalqımıza öz dəstəyini göstərməyə davam edir. STP Silahlı Qüvvələrə Yardım Fonduna 100 min AZN ianə edib. Bundan başqa cəbhə bölgəsindəki əsgərlər üçün ikimərtəbəli yataq və döşək dəsti göndərilib. Texnopark müharibədən əziyyət çəkən mülki əhaliyə də dəstəyini əsirgəməyib. Bərdədə məskunlaşmış zərərçəkən vətəndaşlarımız üçün ikimərtəbəli yataq və döşək dəsti, qida və geyim yardımı edib.
STP bundan sonra da Azərbaycan üçün, vətəndaşlarımızın rifahı üçün əlindən gələni etməyə davam edəcək.
Qarabağ Azərbaycandır! Var olsun ordumuz! Yaşasın Azərbaycan!